06/02/2015
Kənardan zərif, çox incə və zövqlə geyinmiş xanım təsiri bağışlasa da, o əslində insan yox, robotdur. Elm və texnologiyanın inkişafı nəhayət ki, insana bənzər robotun da düzəlməsinə yol açdı. Las-Veqasda keçirilən texnologiya sərgisində yapon mühəndislərin təqdim etdiyi robot indiyədək yaradılan robotlar arasında insana daha çox bənzəyən robotdur.
ATVxəbər.az bildirir ki, danışarkən mimikalarının dəqiqliyi, əllərini və qollarını rahat şəkildə hərəkət etdirə bilməsi robotu izləyənləri heyrətə salıb. Gənc robot qadın gözlərini qırparaq çox incə şəkildə ona yaxınlaşanları salamlayır, yapon və ingilis dilində ünsiyyət qurur. Sərgilənən ağıllı robotun insanın jest və mimikalarını təqlid edərək sevinə və kədərlənə bilməsi xüsusilə diqqət çəkir.
Lakin yapon mütəxəssislər bununla kifayətlənmək niyyətində deyillər. Yaxın 10 ildə bu cür robotların sayını artırmağı düşünən yaponlar onlardan tibb sahəsində, hava limanlarında və otellərdə istifadə etməyi planlaşdırırlar.