07/03/2015
Əziz xanımlar, bayramınız mübarək!
Bu gün 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Aztelekom” İstehsalat Birliyində tədbir keçirildi. Baş direktor Məhəmməd Məmmədov birliyin qadın kollektivini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onların hər birinə cansağlığı, səadət və müvəffəqiyyətlər arzuladığını bildirdi.
Baş direktor xüsusi vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində deyildiyi kimi “...müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.
İnanıram ki, sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dünyada siz daim mədəni-mənəvi zənginliklərimizin yaşadılması üçün çalışacaq, ölkəmizin gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirəcəksiniz”. Tədbirdə çıxış edənlər “Aztelekom” İstehsalat Birliyinin kollektivinin qazandığı uğurlarda xanım əməkdaşların əhəmiyyətli rolundan danışdılar, onlara ailə səadəti və işlərində daha böyük uğurlar arzuladılar