30/07/2026
MİLLİ AVİASİYA AKADEMİYASININ TƏLƏBƏLƏRİ FİZİKA İNSTİTUTUNDA İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİB.
Milli Aviasiya Akademiyasının “Fizika-texnologiya” fakültəsinin “Mühəndis fizikası” ixtisası üzrə təhsil alan III kurs tələbələri 06 iyul 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də istehsalat təcrübəsi keçiblər. Tələbələrin istehsalat təcrübəsinə rəhbərlik Fizika İnstitutunun “Funksional materialların fizikası” laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Elşən Əsədov tərəfindən həyata keçirilib.
Təcrübənin əsas məqsədi tələbələrin ali məktəbdə əldə etdikləri nəzəri biliklərin elmi-tədqiqat mühitində möhkəmləndirilməsi, onların müasir eksperimental üsullarla tanış edilməsi və ilkin praktik bacarıqlarının formalaşdırılması olub. Təcrübə müddətində tələbələr müxtəlif funksional materialların və birləşmələrin alınma metodikaları, nümunələrin sintez mərhələləri, eləcə də onların quruluş və fiziki xassələrinin tədqiqində istifadə edilən müasir üsul və cihazlarla yaxından tanış olublar.
Tələbələr Fizika İnstitutunun “Funksional materialların fizikası”, “Elektrotexnika və yüksək gərginliklər fizikası”, “Amorf materialların fizikası”, “Aktiv nanokompozitlər”, “Bərk cisim elektronikası və rezonans hadisələri” laboratoriyalarında, həmçinin institutun digər elmi struktur bölmələrində aparılan tədqiqat işləri barədə ətraflı məlumat əldə ediblər. Ayrı-ayrı laboratoriyalarda həyata keçirilən eksperimental prosesləri müşahidə etmiş, nümunələrin hazırlanması, ölçmələrin aparılması və alınmış nəticələrin təhlili mərhələlərində fəal iştirak ediblər. İstehsalat təcrübəsi tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, laboratoriya avadanlıqları ilə işləmə prinsiplərini mənimsəmələrinə, tədqiqat prosesinin ardıcıllığını daha dərindən anlamalarına və gələcək peşə fəaliyyətləri üçün mühüm praktiki təcrübə qazanmalarına şərait yaratmışdır. Tələbələr təcrübə müddətində məsuliyyətli və intizamlı davranmış, elmi-tədqiqat işlərinə maraq göstərmiş və verilən tapşırıqları həvəslə yerinə yetirmişlər.